InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
“Biz hələ 2023-cü ildə çox açıq şəkildə bildirmişdik ki, “Xarici təsirin şəffaflığı haqqında” adlandırılan qanun Avropa İttifaqının qanunvericiliyinə uyğun deyil. 2023-cü ildə hakim partiyanın bu qanunu qeyd-şərtsiz geri götürmək qərarından məmnun qalmışdıq. Bu, irəliləyiş əldə etməyimizə kömək etdi. Həmin ilin sonunda hamımız Gürcüstanın namizəd ölkə statusu almasını qeyd edirdik.
Bir neçə həftə sonra isə tamamilə gözlənilmədən həmin hakim partiya geri addım atmaq və bu qanunu yenidən təqdim etmək qərarına gəldi. Mən də daxil olmaqla, açıq və aydın şəkildə bildirdik: “Xahiş edirik, bunu etməyin, xahiş edirik, bunu etməyin”. Bu qanun Avropa İttifaqının qanunvericiliyinə uyğun deyil. Həmçinin açıq şəkildə bildirdik ki, bunun nəticələri olacaq.
Gürcüstan hökuməti bu yolu davam etdirmək qərarına gəldi. Daha sonra bir qanun, ardınca başqa bir qanun qəbul edildi. Onların hər biri bizim – Avropa İttifaqının və Gürcüstanın – arasındakı məsafəni getdikcə daha da artırır.
Gürcüstan üçün hansı qanunların uyğun olduğuna qərar vermək Gürcüstanın öz işidir. Lakin Avropa İttifaqının səfiri olaraq deməliyəm ki, Gürcüstan nə vaxtsa Avropa İttifaqına üzv olmaq istəyirsə, Avropa qanunlarına malik olmalıdır”, – deyə Herçinski bildirib.
