InterPress.ge xəbər verir ki, bu barədə Fermerlər Assosiasiyası sədrinin müavini Rati Koçlamazaşvili “PalitraNews” və “Palitra” radiosunun “Saqme” (“İş”) proqramında bildirib.
Onun sözlərinə görə, bu il kənd təsərrüfatı sektorunda iqlim şəraiti də daxil olmaqla bir sıra problemlər müşahidə olunub. Koçlamazaşvili xüsusilə məhsul yığımı dövründə işçi qüvvəsi çatışmazlığının getdikcə daha ciddi problemə çevrildiyini vurğulayıb.
O bildirib ki, kənd təsərrüfatı iqlim dəyişikliklərinə qarşı həssasdır və müasir texnologiyaların, o cümlədən suvarma sistemlərinin geniş tətbiq olunmaması bu sahədə riskləri artırır.
“Bizim kənd təsərrüfatımız da iqlim dəyişikliklərinə qarşı həssasdır. çünki müasir texnologiyalar kifayət qədər tətbiq olunmayıb, yalnız az sayda təsərrüfatda mövcuddur.
Suvarma sistemlərində də əsasən suyun nəzarətsiz şəkildə sahələrə buraxılması üsulundan istifadə edilir. Bu isə çox böyük həcmdə su sərfiyyatına səbəb olur. Halbuki ildən-ilə su qıtlığı yarana bilər.
Bu il yaxşı ki, vəziyyət müsbət oldu. Bildiyiniz kimi, yağıntıların miqdarı kifayət qədər yüksək idi və bu problem Gürcüstanda kəskin şəkildə ortaya çıxmadı.
Lakin Avropada bu il çox isti, hətta rekord səviyyədə isti yay yaşandığını görürük. Belə proseslər bizim regionda da baş verə bilər. Buna görə də əsas problemlərdən biri quraqlıqdır. Müvafiq olaraq, kənd təsərrüfatında sudan səmərəli istifadə vacibdir.
Dolu problemini isə demirəm. Bu il də dolu kifayət qədər ciddi fəsadlara səbəb oldu. Bir neçə dəfə müxtəlif bölgələrdə, xüsusilə Kaxetidə dolu yağdı və çoxsaylı fermerlər zərər gördü. Digər bölgələrdə də belə hallar qeydə alındı.
İsti və soyuq hava arasında temperaturun kəskin dəyişməsi xəstəliklərin yaranmasına səbəb olan mühüm amillərdən biridir. Bu da məhsulu məhv edir və nəticədə məhsulun miqdarına və keyfiyyətinə, eləcə də fermerlərin gəlirlərinə təsir göstərir.
Bu il quraqlıq olmasa da, başqa problemlərlə üzləşdik. Qərbi Gürcüstanda həddindən artıq yağıntılar müşahidə olundu və bu, fındığın keyfiyyətinə təsir göstərdi. Həmçinin üzümün şəkərlilik səviyyəsini artırmaq da çox çətin oldu.
İlin başa çatmasına hələ vaxt var, lakin bu il kənd təsərrüfatı üçün kifayət qədər problemlərlə yadda qaldı. Bunlara dizelin qiymətinin artması da əlavə olundu. Bildiyiniz kimi, bu il suvarma suyunun və elektrik enerjisinin qiyməti də artıb. İşçi qüvvəsi isə getdikcə bahalaşır və daha çətin tapılır.
Miqrasiya ilə bağlı statistika da dərc olunub və bu, ildən-ilə daha çox insanın ölkəni tərk etdiyini təsdiqləyir. Bu isə regionlarda məhsul yığımı dövründə işləyə biləcək insanların sayının daha da azalması deməkdir. İşçi qüvvəsi artıq kənd təsərrüfatının əsas üç problemindən biridir, hətta birinci yerdə də ola bilər.
Hər il işçi qüvvəsi çatışmazlığının daha da artdığını görürük. Bu problem xüsusilə məhsul yığımı zamanı özünü göstərir. Bildiyiniz kimi, müxtəlif bölgələrdə monokultura təsərrüfatları mövcuddur. Kaxetidə əsasən üzüm yığımı aparılır və işçi qüvvəsinə cəmi 1,5 ay ərzində ehtiyac yaranır. Adətən, bölgənin öz işçi qüvvəsi tələbatı ödəmədiyindən digər bölgələrdən işçilər cəlb olunur.
Yazın sonunda, iyun ayında qaragilə yığımı başlayır. Daha sonra, avqust ayından etibarən Qərbi Gürcüstanda fındıq yığımına başlanılır. Müəyyən qısa dövrlər var ki, konkret məhsulun yığılması üçün çoxlu işçi qüvvəsi tələb olunur, lakin lazımi sayda işçi tapılmır. Məhsul vaxtında yığılmadıqda xarab olur və nəticədə standartlara uyğun olmayan və ya korlanmış məhsul əldə edilir. Bu problem məhz məhsul yığımının vaxtında həyata keçirilməməsi ilə də bağlıdır.
Digər sektorların nümayəndələri də eyni problemdən danışırlar. COVID-19 pandemiyasına qədər əsasən ixtisaslı işçi qüvvəsinin çatışmazlığından bəhs edilirdisə, pandemiyadan sonra artıq ümumilikdə işçi qüvvəsi çatışmazlığı ilə üzləşirik”, – deyə Rati Koçlamazaşvili bildirib.
